“Qəbələ III Beynəlxalq İncəsənət
Sərgisində 23 ölkədən 158 rəssamın əsəri
nümayiş olundu”
Nargilə Qafarova: “İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun
iştirakçıları rayonumuzun tarixi- mədəni abidələri, istehsal müəssisələri və turizm sektoru ilə
yaxından tanış oldular”
Layihə çərçivəsində
müsahibimiz Qəbələ rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Nargilə Qafarovadır:
-Qəbələ III Beynəlxalq
İncəsənət Sərgisi işini
yekunlaşdırdımı?
- Bəli,
sərgi bu günlərdə işini yekunlaşdırdı.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyi münasibətilə təşkil edilən Qəbələ
III Beynəlxalq İncəsənət Sərgisi Azərbaycan
Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə
təşkilatçılığı ilə Qəbələ
Mədəniyyət Mərkəzində keçirildi. Beynəlxalq
sərgi “Portretlərin melodiyası”adı altında təşkil
edilmişdi. Sərgidə dünyanın 23 ölkəsini-Azərbaycan,
Almaniya, Avstriya, Albaniya, Braziliya, Banqladeş, Bolqarıstan,
Gürcüstan, İsrail, İtaliya, Koreya, Latviya, Rusiya,
Yaponiya, Yunanıstan, Sinqapur, İraq, İran, Hollandiya, Əlcəzair,
Finlandiya, Türkiyə və Ukraynanı təmsil edən 158
rəssamın 291 əsəri nümayiş etdirildi. Sərgidə
nümayiş olunan rəsmlər arasında Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri də
yer alırdı. Sərgi mədəniyyətimizin
genişmiqyaslı təbliği istiqamətində
reallaşdırılan layihələrin davamıdır.
Ötən illə müqayisədə builki sərgidə
iştirak edən rəssam və heykəltəraşların,
onların təmsil etdiyi ölkələrin sayının
artması onu göstərir ki, bu layihənin ideyasına olan
maraq ildən-ilə artır. Bu isə öz növbəsində
Azərbaycana, incəsənətimizə olan diqqətin daha
bir göstəricisidir. O cümlədən bu tədbir Azərbaycanla
müxtəlif ölkələr arasında dostluq və mədəni
əlaqələrin möhkəmlənməsinə şərait
yaradır. Açılış mərasimində Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi Mərkəzinin direktoru Vilayət
İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan və
Rusiyanın Xalq rəssamı, akademik Tahir Salahov, Koreya
Respublikasının ölkəmizdəki səfiri
çıxış edərək sərginin mədəniyyətlərarası
dialoqun tərkib hissələrindən biri olduğunu bildirdilər.
Sərgi iştirakçılarından 24 nəfər müxtəlif
nominasiyalar üzrə diplomla təltif olundu. Sərginin tərtibatı,
nümayiş olunan rəsm əsərləri tədbir
iştirakçılarında xoş təəssürat
yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına
təşkil olunduğunu qeyd etdilər. Xatırladım ki,
2010-cu ildə Qəbələ I Beynəlxalq İncəsənət
Sərgisində 14 ölkədən 81 rəssam, 2011-ci ildə
18 ölkədən 116 rəssam iştirak etmişdi. “Portretlərin
melodiyası” adlı budəfəki sərgidə 23 ölkədən
158 rəssamın əsərləri nümayiş olundu. Azərbaycan
tərəfindən sərginin iştirakçıları
arasında görkəmli rəssamlardan Tahir Salahov, Ağali
İbrahimov, Altay Sadıqzadə, Arif Əziz, Arif Hüseyinov,
Mirnadir Zeynalov, Sakit Məmmədovla yanaşı, gənc rəssamlardan
Məryəm Ələkbərli, Safranda Abdullayeva, Aylel Heydərova,Yaşar
Məmmədov və Cəlal Ağayevin də əsərləri
sərgiləndi. Sərgi rayonumuza gələn turistlər və
rayon ictimaiyyəti tərəfindən böyük maraqla
qarşılandı. Cənubi Koreya, Rusiya, Almaniya, Türkiyədən
gələn qonaqlarla yanaşı, Amerika Birləşmiş
Ştatlarının ölkəmizdəki səfiri Riçard
Morninqstar Qəbələyə səfəri zamanı sərgi
ilə tanış olmuşdu. Sərgi işini uğurla
başa vurdu.
- İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun iştirakçılarının Qəbələ
səfəri necə keçdi?
- Bakıda keçirilən İkinci
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun
iştirakçıları tanışlıq məqsədi
ilə bizim rayona da gəldilər. Qonaqlar rayonun tarixi mədəni
abidələri, istehsal müəssisələri
və turizm sektoru ilə
yaxından tanış oldular. Qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı
görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat
verildi. Qeyd olundu ki, bu
gün respublikamızda əldə edilən
sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri,
sənaye və turizm obyektləri Qəbələnin
iqtisadi inkişaf
dinamikasının artmasında müstəsna rol
oynayır. Beynəlxalq və irimiqyaslı tədbirlərin Qəbələdə
keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə
malik olduğunu bir daha təsdiq edir. İlk öncə forum iştirakçıları rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış oldular.
Muzeylə tanışlıq zamanı qonaqlara
məlumat verildi ki, 1980-ci
ildən fəaliyyət göstərən bu
muzeyin əsas fondunda
Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik
eksponat mühafizə olunur.
Muzeyin
ayrı-ayrı zallarındakı eksponatlarla
tanış olan qonaqların diqqətini
900 il Qafqaz
Albaniyasının paytaxtı olmuş qədim
Qəbələ şəhəri və onun
bu günədək gəlib
çatmış möhtəşəm qala
divarının, bürc və
darvazasının maketi və orada aparılmış arxeoloji
qazıntılar zamanı əldə olunmuş
maddi-mədəniyyət nümunələri cəlb etdi. Daha sonra qonaqlar "Beltmann" piano fabrikində
istehsal prosesini yaxından izlədilər. 2009-cu ildən fəaliyyətə
başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal
prosesi ilə tanışlıq zamanı
qeyd edildi ki, regionda analoqu
olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə
inzibati bina və istehsal sahəsindən ibarətdir.
Pianolar sexlərdə yığılaraq,
xüsusi avadanlıqla
təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə
1200-1500 pianonun istehsal
edilməsi mümkündür.
Rayonun tarixi-mədəni
abidələri ilə
yaxından maraqlanan qonaqlar Nic qəsəbəsindəki
Alban məbədi və
Çuxur Qəbələ
kəndi ərazisindəki
900 il Qafqaz Albaniyasının paytaxtı
olmuş qədim Qəbələ şəhərinin
bu günədək gəlib çatmış
qala divarının qalıqları, və burada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət
nümunələri ilə
tanış oldular. Məlumat verildi ki, Qədim
Qəbələ şəhərinin
qalıqlarını və
onun ətrafında aşkar edilmiş bir çox arxeoloji tapıntıları
mühafizə etmək
məqsədi ilə
1985-ci ildə burada
480 hektar sahəni əhatə edən Qəbələ Tarix - Mədəniyyət Qoruğu
yaradılıb. Qeyd olundu
ki, bu sahənin
imkanlarını və
inkişaf perspektivini nəzərə alaraq son illər Qəbələdə
müasir beynəlxalq
standartlara cavab verən geniş infrastruktur şəbəkəsi
yaradılıb. Bunun nəticəsi
olaraq Qəbələyə
turist axını da güclənib. Səfər çərçivəsində qonaqlar rayonun turizm imkanları ilə də yaxından maraqlandılar.
-Rayonda turizmin inkişafı ilə bağlı nə deyə bilərsiniz?
- Qəbələdə 14 mehmanxana
tipli obyekt fəaliyyət göstərir.
Onların arasında 3 beşulduzlu,
1 dördulduzlu və
2 üçulduzlu otel
fəaliyyət göstərir.
Qəbələdə bir
gündə 1500-ə yaxın
turisti qəbul etmək imkanı var. Qəbələdə fəaliyyət
göstərən turist
obyektlərində hər
il mövsüm
qabağı monitorinq
keçirilir, otel, mehmanxana, istirahət obyektlərinin rəhbərləri
ilə söhbət aparılır. Bütün turizm obyektlərində
olan şərait, xidmətin səviyyəsi
gələn qonaqları
razı salır.
Təsadüfü deyil ki,
2013-cü ilin I rübündə
Qəbələyə 6 mindən
yuxarı turist gəlib. Dövlətimiz hər zaman
mədəniyyət sahəsinə
böyük diqqət
verib. Son illərdə dövlət
başçısının bölgələrə səfəri
zamanı, bölgələrdə
müxtəlif təyinatlı
mədəniyyət müəssisəsinin
açılışı artıq bir ənənəyə çevrilib.
2013-cü il fevralın 28-də dövlət
başçısının Qəbələyə növbəti
səfəri zamanı
burada yeni inşa edilmiş Mədəniyyət Mərkəzinin
təntənəli açılış
mərasimi keçirildi.
Mədəniyyət və
Turizm Nazirliyinin “Rayon
(şəhər) Mədəniyyət
Mərkəzlərinin yaradılması
haqqında” 419 saylı
30 iyun 2012-ci il
tarixli layihəsinə
əsasən, mədəniyyət
evləri və klublar ləğv edilərək diyarşünaslıq,
folklor və sənətkarlıq profilləri
üzrə fəaliyyətə
başlayıb. Hazırda Mədəniyyət
Mərkəzi öz ətrafında 12 mədəniyyət
evi, 20 klub müəssisəsini birləşdirir.
Yeni əsasnaməyə uyğun
olaraq, klub müəssisələrinin yeni
profillərə uyğun
işlərini icra etməsi üçün
müəssisə rəhbərləri
ilə seminar-treninqlər
keçirilib, müəssisələrin
profillərinin lövhələrdə
əks olunması təmin edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mədəniyyət və Turizm
Şöbəsi bundan
sonra da öz üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirməyə çalışacaq.
Anar Miriyev
Palitra.-2013.-5 iyun.-S.11.